Donald Tramp administrasiyasının 2025-ci ilin əvvəlindən etibarən İran İslam Respublikasına qarşı təzyiqləri və sanksiyaları artırmaq, İranın neft ixracını “dayandırmaq” məqsədi daşıyan addımları böyük ölçüdə uğursuz olub. Bununla belə, bu siyasət Tehranın sanksiyalardan yayınma xərclərini kəskin şəkildə artırıb.
Tramp administrasiyası İranın neft ixracını gündəlik 100 min barelə endirəcəyini vəd etmişdi. Lakin İran İnternational-ın əldə etdiyi Kpler enerji kəşfiyyat şirkətinin məlumatlarına görə, 2025-ci ildə Çin limanlarında boşaldılan İran neft yüklərinin həcmi əvvəlki illə müqayisədə cəmi 8 faiz azalıb.
Ötən il orta hesabla gündə 1,36 milyon barel İran xam nefti və qaz kondensatı Çin emal zavodlarına çatdırılıb.
Bununla yanaşı, 2024-cü ildə İran İslam Respublikası Suriyaya gündə təxminən 56 min barel neft ixrac edirdi ki, Bəşər Əsəd rejiminin süqutundan sonra bu ixrac dayandırılıb.
Ümumilikdə demək olar ki, Tramp administrasiyasının İranın neft ixracını kəskin şəkildə çökdürmək siyasəti iflasa uğrayıb.
Xam neft və qaz kondensatları İranın ümumi ixracının təxminən 40 faizini təşkil edir. Sanksiyalardan yayınma xərcləri nəzərə alınmadan bu ixracın ötən ilki normal dəyəri təxminən 33 milyard dollar qiymətləndirilir ki, bu da İranın ÜDM-nin təxminən 10 faizinə bərabərdir.
İranın ikili itkisi
Trampın İranın neft ixracını dayandırmaq vədini yerinə yetirə bilməməsi İslam Respublikası üçün qələbə demək deyil.
2018-ci ildə əvvəlki Tramp administrasiyasının sanksiyalarından öncə İran gündə 2,5 milyon barel neft ixrac edirdi. Bu göstərici 2020-ci ildə təxminən 400 min barelə qədər azaldı.
Co Bayden administrasiyasının işə başlaması ilə İranın neft ixracı ildən-ilə artaraq 2024-cü ildə gündə təxminən 1,55 milyon barelə çatdı.
Yeni Tramp administrasiyasının fəaliyyətə başlaması ilə İranın neft ixracının bərpası dayanmaqla yanaşı, geriləməyə və tərs istiqamətdə hərəkət etməyə başladı.
Digər mühüm məqam sanksiyalardan yayınma xərclərinin artmasıdır. 2025-ci ilin əvvəlində İran Çin emal zavodlarına hər barel üçün 2–3 dollar endirim edirdi. Kplerin hesablamalarına görə, bu rəqəm hazırda 11 dollara yüksəlib.
Kpler məlumatları həmçinin göstərir ki, son bir il ərzində İranın dənizdə saxlanılan neft həcmi iki dəfədən çox artaraq təxminən 152 milyon barelə çatıb.
Normal şəraitdə bu qədər neftin dənizdə saxlanılması üçün tankerlərin gündəlik icarə xərci təxminən 8 milyon dollardır. İran, Rusiya və Venesuela neftinin qaçaqmalçılığında istifadə olunan “kölgə donanması”ndan gəmilərin icarəsi isə bir neçə dəfə baha başa gəlir.
Hətta tanker izləmə şirkəti Vortexa İranın dənizdə saxlanılan neft həcmini 200 milyon barel olaraq qiymətləndirir.
Sadə dildə desək, hər il İranın neft gəlirlərindən təxminən 5–6 milyard dolları neftin dənizdə və Çin sularına yaxın saxlanılmasına sərf olunur ki, yükləmə prosesində fasilə yaranarsa, Çin emal zavodlarına tədarük davam etdirilə bilsin.
İndiyədək İran neftinin dəyərinin təxminən 15 faizi Çin emal zavodlarına verilən endirimlər, 20 faizi isə dənizdə saxlanma xərcləri hesabına itirilib. Lakin bu, İranın neft gəlirlərindəki itkilərin yalnız bir hissəsidir.
İran neftinin böyük bir hissəsi Çin müştərilərinə çatmazdan əvvəl gəmidən-gəmiyə ötürmə, sənədlərin dəyişdirilməsi və neftin markasının yenilənməsi proseslərindən keçməlidir. Bu proseslər neft vasitəçiləri tərəfindən həyata keçirilir.
İranın neft gəlirlərinin bir hissəsi də bu vasitəçilərə, sənəd saxtakarlarına, geniş saxta şirkətlər şəbəkələrinə və oxşar strukturlara yönəlir.
İslam Respublikasının neft gəlirlərinə çıxış problemləri bununla bitmir. Gəlirlərin bir hissəsi Çin malları ilə barter yolu ilə, digər hissəsi isə Çin xidmətləri müqabilində ödənilir.
Wall Street Journal 2025-ci ilin oktyabrında bildirmişdi ki, İranın Çinə neft ixracından əldə etdiyi illik 8,4 milyard dollar gəlir Çin xidmətləri ilə barter yolu ilə hesablanır.
Lakin 2026-cı il İran üçün daha çətin olacaq.
Tanker izləmə məlumatlarına görə, ABŞ 2024-cü ildə İranın neft sanksiyalarından yayınmasında iştirak edən tankerların yalnız 38 faizini sanksiyaya məruz qoymuşdu. 2025-ci ildə isə bu göstərici 70 faizi keçib.
ABŞ-ın Venesuela sahillərində İran üçün də neft daşıyan bir neçə sanksiyalı tankeri müsadirə etməsi İslam Respublikası üçün yeni problemlər yaradacaq.
TankerTrackers şirkətinin hesablamalarına görə, 2025-ci ildə təxminən 1 470 “kölgə donanması” tankeri fəaliyyət göstərib ki, onların 40 faizi İranın neft ixracına xidmət edib. Oxşar pay Rusiyaya məxsus olub, qalan hissə isə əsasən Venesuela və daha iki ölkəyə aid edilib.
Bu səbəbdən, ən azı logistika baxımından, 2026-cı ildə sanksiyalı neftin qaçaqmalçılığı İran üçün xeyli daha çətin olacaq.
Orijinal məqalə Iran International-ın farsdilli redaksiyasında dərc olunub.

