ABŞ-ın İranda hərbi zərbə endirə biləcəyi barədə müzakirələr gücləndiyi bir vaxtda, Amerika mediası Səudiyyə Ərəbistanı, Qətər və Omanının Vaşinqtonda İrana qarşı hərbi addımın qarşısını almaq üçün fəal şəkildə çalışdığını yazır. Bu səylər İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən minlərlə etirazçının öldürülməsi fonunda baş verir.
Omanın xarici işlər naziri 10 yanvar 2026-cı ildə, etirazların ən qızğın çağında, Tehrana səfər edib; bu səfər İran təhlükəsizlik qüvvələrinin 12 mindən çox etirazçını öldürmüş ola biləcəyinə dair xəbərlərdən cəmi iki gün sonra baş tutub.
İran və Oman xarici işlər nazirlərinin görüşündən üç gün sonra ABŞ prezidenti Donald Tramp İran xalqına müraciət edərək “kömək yoldadır” deyib və onları etirazları davam etdirməyə çağırıb.
14 yanvarda Tramp “etibarlı mənbələrdən” İrandakı qətllərin dayandırıldığı və rejim tərəfindən saxlanılanların edam edilməyəcəyi barədə məlumat aldığını açıqladı. Eyni vaxtda İranın xarici işlər naziri Abbas Araqçi Fox News-a verdiyi müsahibədə İslam Respublikasının “etirazlarda iştirak etdiklərinə görə saxlanılanları edam etmək planının olmadığını” iddia etdi.
Bununla belə, bölgədəki bəzi ABŞ hərbi bazalarının—o cümlədən Qətərdəki Əl-Udeyd hava bazasının—qismən boşaldılması, eləcə də bir çox hökumətin vətəndaşlarını dərhal İranı tərk etməyə çağırması göstərir ki, ABŞ-ın İslam Respublikasına qarşı hərbi seçimi hələ də gündəmdədir. ABŞ-ın nə vaxt və hansı səviyyədə İran hədəflərinə zərbə endirə biləcəyi aydın deyil. Lakin ABŞ mediası Oman, Qətər və Səudiyyə Ərəbistanının belə bir addımın “regionu xaosa sürükləyəcəyini” xəbərdarlıq etdiyini yazır.
Bu arada, 16 yanvardan etibarən ABŞ administrasiyası rəsmilərinin İrana münasibətdə tonu daha yumşalıb və Vaşinqtonun prioritetinin diplomatiya olduğunu bildirirlər.
İslam Respublikası hazırda tarixinin ən kövrək mərhələsindədir. ABŞ-ın ciddi bir zərbəsi—xüsusən də yalnız simvolik hədəflərlə məhdudlaşmayan bir hücum—etiraz hərəkatını yenidən canlandıra və davamlı edə, iranlılara azadlıq və hətta rejimin süqutu üçün yeni ümid verə bilər.
Bununla belə, belə bir ssenarinin rejimin dağılmasına, keçid hökumətinin qurulmasına, yoxsa vətəndaş müharibəsinə gətirib çıxaracağını, yaxud hakim ruhanilərin xalq legitimliyi olmadan İslam Respublikasını qoruyub saxlaya biləcəyini proqnozlaşdırmaq mümkün deyil. Həmçinin bu qeyri-sabitliyin nə qədər davam edəcəyi də bəlli deyil.
Fars körfəzi sahilində yerləşən ərəb ölkələri üçün əsas prioritet, şübhəsiz ki, İranın müdaxiləsi olmadan və Hörmüz boğazında gəmiçiliyə hücumlar baş vermədən neft ixracının fasiləsiz davam etməsidir. Lakin neft bazarının dinamikası da onların əleyhinə işləyir.
Kpler və Vortexa şirkətlərinin məlumatlarına görə, İran son aylarda təxminən 166 milyon barel nefti Çinın ətrasındakı sənizlərdə saxlayır. İran neftinin yüklənməsi pozulsa belə, bu ehtiyatlar Çinə satışları üç-dörd ay davam etdirməyə imkan verə bilər. Əvəzində, Fars körfəzində tankerlərə ediləcək istənilən hücum ərəb istehsalçıları üçün son dərəcə dağıdıcı olar; xüsusən ona görə ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri—alternativ boru kəmərlərinə baxmayaraq—ixrac həcmlərinin yalnız təxminən yarısını davam etdirə bilirlər, İraq, Qətər, Küveyt və Bəhreynin isə heç bir alternativ ixrac marşrutu yoxdur.
İkinci narahatlıq ondan ibarətdir ki, Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, bu il qlobal neft bazarında sutkada 3,84 milyon barel həcmində artıq təklif yaranacağı və neftin qiymətinin bir barel üçün təxminən 55 dollar səviyyəsində qalacağı gözlənilir—bu isə regiondakı bütün əsas neft istehsalçılarını büdcə kəsiri ilə üz-üzə qoyacaq.
Əgər İran rejimi süqut etsə və ABŞ sanksiyaları dayandırılsa, təkcə İranın ixracı artmayacaq, həm də ölkənin nəhəng üzən ehtiyatları bazarı dolduraraq neft qiymətlərini uzun müddət kəskin şəkildə aşağı salacaq. İran hazırda yeganə müştərisi olan Çinə gündə təxminən 1,2 milyon barel neft çatdırır, halbuki ötən ilin əvvəlində bu rəqəm 1,8 milyon barelə çatmışdı. ABŞ-ın 2018-ci ildə neft sanksiyalarını tətbiq etməsindən əvvəl İran gündə 2,5 milyon barel neft ixrac edirdi.
Bundan əlavə, zəif və sanksiyalar altında olan İran rejiminin qorunub saxlanmasında daha geniş bir ərəb marağı mövcuddur. Etirazçıların kütləvi qətlindən sonra ABŞ, İranın ticarət tərəfdaşları tərəfindən ABŞ-a ixrac edilən mallara 25 faiz rüsum tətbiq edəcəyini açıqladı—bu addım Fars körfəzi ölkələrinin xeyrinədir. İran 140-dan çox ölkə ilə ticarət edir və onların hamısını cəzalandırmaq mümkün deyil. Bununla belə, İranın neft məhsulları, petrokimya və təbii qaz ixracından əldə etdiyi gəlir xam neft ixracından qazandığı gəlir qədərdir. Bu məhsullar əsasən Çin, BƏƏ, İraq, Türkiyə, Pakistan, İndoneziya, Malayziya və Sinqapura satılır.
Yadda saxlamaq lazımdır ki, Səudiyyə Ərəbistanı dünyada neft məhsulları və petrokimya məhsullarının ən böyük ixracatçısıdır, Qətər regionun ən böyük qaz ixracatçısı sayılır, Oman isə neft, mayeləşdirilmiş qaz, petrokimya məhsulları və təbii qazın əsas ixracatçılarındandır. Bu ölkələr əsas bazarlarda İranı asanlıqla əvəz edə bilərlər. Nəticə etibarilə, ABŞ-ın İrana qarşı iqtisadi və sanksiya təzyiqi qəti şəkildə Fars körfəzi ərəb ölkələrinin xeyrinə işləyir.
Bu məqalə Middle East Forum saytında dərc olunub.

