İkiqat təzyiq: İran azalan neft gəlirləri fonunda rekord kapital qaçışı ilə üz-üzə

İran Mərkəzi Bankının son rüblük hesabatı 2025-ci ilin yazında ölkədən kapital qaçışının tarixi maksimuma çatdığını göstərir. Bu, ölkənin maliyyə gərginliyinin dərinliyini açıq şəkildə nümayiş etdirir.

Bankın rəsmi saytında dərc olunan hesabatda 21 martdan başlayan cari maliyyə ilinin ilk rübü üzrə kapital hesabının balansı təxminən mənfi 9 milyard dollar olaraq göstərilir — bu, indiyədək qeydə alınmış ən böyük kapital axınıdır.

Ötən il İran iqtisadiyyatından ümumilikdə 20,7 milyard dollar çıxarılıb ki, bu da 2020-ci ilin göstəricisindən üç dəfə çoxdur. Əgər bu tendensiya davam edərsə, 2026-cı ilin martına qədər kapital qaçışı 36 milyard dollara çata bilər — bu, təxminən İranın ÜDM-nin 10 faizinə bərabərdir.

Hazırkı çıxışların nə qədərinin adi vətəndaşların əmanətlərini xaricə köçürməsi, nə qədərinin isə iş adamları və ya hakimiyyətə yaxın şəxslərlə bağlı olduğu hələ də bəlli deyil.

Bu ilin əvvəlində parlamentin İqtisadi Komitəsinin üzvü Hüseyn Samsami bildirmişdi ki, 2018-ci ildən 2025-ci ilin ortalarına qədər 95 milyard dollarlıq qeyri-neft ixrac gəliri İrana geri dönməyib.


Xarici ticarətin azalması

Mərkəzi Bankın məlumatlarına görə, 2018–2024 illəri arasında təxminən 80 milyard dollarlıq kapital qaçışı qeydə alınıb ki, bu da əsasən xarici ticarət kanalları ilə bağlıdır. Lakin iqtisadiyyat naziri son çıxışında bildirib ki, özəl sektor ölkənin xarici ticarətinin cəmi 15 faizini təşkil edir.

Bu fərq onu göstərir ki, ölkədən on milyardlarla dolların çıxmasına əsasən dövlət strukturlarına və ya yarı-dövlət institutlarına, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı şəxslər səbəb olur.

Hesabat həmçinin ixrac rüblük gəlirlərinin kəskin azaldığını göstərir. Neft gəlirləri (xam neft, neft məhsulları və qaz daxil olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard dollar azalaraq 15 milyard dollara düşüb. Qeyri-neft ixracı isə daha 1 milyard dollar azalıb və 11 milyard dollardan aşağı enib.

İdxal təxminən 800 milyon dollar azalaraq 17,2 milyard dollara düşüb, xidmət ticarət balansı isə mənfi 2,8 milyard dollara çevrilib.

Ümumilikdə İran bu yazda mallar və xidmətlər üzrə idxaldan 6 milyard dollar artıq ixrac edib, lakin eyni dövrdə 9 milyard dollar kapital qaçışı baş verib — bu da kağız üzərindəki ticarət profisitini tamamilə aradan qaldırıb.


Daha pis ssenari mümkündürmü?

Əgər neft qiymətləri və ya ixracı azalmağa davam edərsə, defisit daha da arta bilər.

Kpler şirkətinin tanker izləmə məlumatlarına əsasən, İranın Çinin limanlarına neft boşaltması son iki ayda gündəlik təxminən 1,2 milyon barelə düşüb — ilin ilk 8 ayında bu göstərici 1,44 milyon barel idi.

Bu “ikiqat təzyiq” şəraitində rəsmi şəxslər xarici valyuta çatışmazlığının kəskinləşdiyi və Mərkəzi Bankın idxal və investisiyaları maliyyələşdirməkdə aciz qaldığı barədə xəbərdarlıq etməyə davam edirlər.

Parlamentin İqtisadi Komitəsinin üzvü Meysam Zuhurian bu həftə bildirib ki, Plan və Büdcə Təşkilatı deputatlara “neft yataqlarına investisiya üçün lazım olan 3 milyard dollara ilişib qaldıqlarını” deyib.

Prezident Məsud Pezeşkiyan isə daha qaranlıq mənzərə cızaraq bildirib ki, hökuməti bu məbləğin üçdə birini belə inkişaf layihələri üçün tapmaqda çətinlik çəkir.

“Biz hazırda cəmi bir milyard dolların haradan tapılacağını müzakirə edirik,” — prezident deyib.


Məqalənin müəllifi Dalğa Xatınoğludur və orijinal mətn “Iran International” tərəfindən dərc olunub.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir