Aerial view of a ship docking at an industrial port with storage tanks in North Jakarta.

İran Çinə təhvil verməkdə çətinlik çəkdiyi üçün üzən neft anbarlarını artırır

Beynəlxalq gəmi izləmə məlumatları göstərir ki, son iki ayda Fars körfəzi terminallarından neft yükləmələri kəskin artsa da, İran xam neftini Çin alıcılarına çatdırmaqda çətinlik çəkir. Nəticədə, Çin sularına yaxın ərazidə İranın üzən neft ehtiyatı böyük həcmdə yığılıb.
Kpler kommersiya analitik şirkətinin məlumatlarına görə, son iki ayda İran Çində gündəlik orta hesabla 1,2 milyon bareldən az neft təhvil verib. Bu ilin ilk səkkiz ayında isə bu rəqəm 1,44 milyon barel/gün idi.
Buna baxmayaraq, İran son iki ayda Fars körfəzi ixrac terminallarından yüklədiyi neft və qaz kondensatı həcmini əhəmiyyətli dərəcədə artırıb – gündəlik 1,95 milyon barelə çatdırıb. Bu, 2018-ci ilin avqust ayından (ABŞ-ın İrana qarşı neft sanksiyalarının başladığı tarixdən) bəri ən yüksək göstəricidir.
Avqustun sonu – noyabrın əvvəli arasında İranın üzən neft ehtiyatı iki dəfədən çox artaraq 36 milyon bareli keçib.
Bir müddət əvvəl Demokratiyaların Müdafiəsi Fondu (FDD) TankerTrackers məlumatlarına istinadən İranın “neft ixracının artdığını” yazmışdı. Lakin FDD məlumatları səhv şərh edib: yükləmələri (loadings) Çinə real təhvil ilə (discharges) qarışdırıb. Çin limanlarında boşaldılan həcm əslində azalıb.
Kpler-in məlumatları göstərir ki, avqustun sonu – noyabrın əvvəli arasında İranın üzən neft ehtiyatı iki dəfədən çox artaraq 36 milyon bareli ötüb. Bu, açıq şəkildə İranın yükləmələri ilə Çin limanlarında boşaldılan neft arasında böyük fərq olduğunu göstərir.
İranın yükləmələri niyə bu qədər artırdığı və bu siyasətin nə qədər davam edəcəyi bəlli deyil. Amma əvvəlki BMT sanksiyaları dövründə (2012–2015, JCPOA-dan əvvəl) İranın üzən neft ehtiyatı 100 milyon bareldən çox olmuşdu.
BMT sanksiyaları sentyabrın sonlarında üç Avropa JCPOA üzvünün tələbi ilə yenidən qüvvəyə minib – çünki Tehran nüvə öhdəliklərinə əməl etməyib və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıqdan imtina edib. Bu sanksiyalar birbaşa İran neft ixracını hədəf almır, lakin gəmiçilik, İran gəmilərinə yanacaq satışı, şübhəli gəmilərin yoxlanılması icazəsi, yük sığortası və maliyyə köçürmələrinə bank nəzarətini çətinləşdirir – bunların hamısı İranın neft daşımalarını daha da ağırlaşdırır.
Bu çətinlikləri qabaqcadan görən İran, yeganə xam neft alıcısı olan Çinə yaxın sularda mümkün qədər çox neft göndərir ki, təcili təhvil üçün daimi ehtiyatı olsun.
Lakin bu strategiya sanksiyalardan yayınma xərclərini kəskin artırır. Onlarla tankeri dənizdə anbar kimi saxlamaq böyük maliyyə yükü yaradır. Normal şəraitdə böyük neft tankeri gündəlik təxminən 100 min dollara icarəyə verilir. “Kölgə donanma”ya məxsus gəmilər – ABŞ sanksiyası riskini öz üzərinə götürənlər – İrandan bir neçə dəfə baha alır.
İran Çin alıcılarına verdiyi neft endirimlərini də artırıb – hazırda bazarın aşağı qiymətindən təxminən 10 dollar/barel endirim təklif edir.
Kpler keçən ay bildirmişdi ki, bu il ABŞ İran neftini daşıyan gəmilərə təzyiqi gücləndirib. Son 12 ayda İran neftini yükləmiş gəmilərin 60%-dən çoxu artıq ABŞ Xəzinədarlıq Nazirliyinin OFAC sanksiyaları altındadır (keçən il bu rəqəm 38% idi).
Bu arada Kpler analitikləri və Reuters kimi böyük media orqanları yazır ki, İran Çinə verdiyi endirimləri artırıb və indi aşağı bazar qiymətindən təxminən 10 dollar/barel endirim edir. Nəticədə, İran sanksiyalardan yayınma prosesində neft gəlirinin böyük hissəsini itirir.
İran Mərkəzi Bankı yaxınlarda 2025-ci ilin bahar aylarına aid neft, neft məhsulları və qaz ixrac gəlirləri haqqında hesabat yayıb: gəlir 3 milyard dollar azalaraq 15 milyard dollara düşüb. Bu, həm də bazar qiymətlərinin aşağı olması ilə əlaqədar ola bilər.
Kpler-in məlumatlarına görə, bu dövrdə Çinə İran neftinin təhvil həcmi keçən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib (1,5 milyon barel/gün). Deməli, yeganə real dəyişiklik sanksiyalardan yayınma xərcləri və neft qiymətinin düşməsi səbəbindən daha çox gəlir itkisidir.

Məqalənin original mətni İnqilis dilində Middle East Forumda yayımlanıb.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir