Rialın dəyərdən düşməsi aylarla davam edən müharibə və ABŞ-ın dəniz blokadası şəraitində İranda inflyasiyanı sürətləndirib və əhalinin həyat səviyyəsini aşağı salıb. Bununla yanaşı, bu proses hökumətin maliyyə hesabatlarında vəziyyəti olduğundan daha yaxşı göstərib: Mərkəzi Bankın mənfəətini artırıb, daxili borcun iqtisadiyyata nisbətini azaldıb, dövlətin xarici valyutada olan öhdəliklərinin isə tümənlə ifadə olunan dəyərini yüksəldib.
Son bir il ərzində ABŞ dolları rial qarşısında 150 faizdən çox bahalaşıb, son üç ildə isə bu artım təxminən 430 faiz təşkil edib. Bu o deməkdir ki, rial 12 ay ərzində dəyərinin 60 faizdən çoxunu, üç il ərzində isə təxminən 80 faizini itirib.
İran Ali Audit Məhkəməsinin audit hesabatına əsasən, İran Mərkəzi Bankı keçən maliyyə ilində (Martın 21-də başa çatıb) təxminən 77 trilyon tümən xalis mənfəət əldə edib. Bu mənfəətin böyük hissəsi xarici valyutanın, qızıl külçələrin və sikkələrin daxili bazarda bazar qiymətləri ilə satışından formalaşıb.
Bu satışlar müxtəlif valyuta məzənnələri arasındakı fərqdən qaynaqlanır. Məsələn hazırda, rəsmi subsidiyalı məzənnə bir dollar üçün təxminən 186 min tümən səviyyəsində müəyyən edildiyi halda, sərbəst bazarda dolların qiyməti 270 min tüməni ötür. Bu isə rəsmi məzənnədən 45 faizdən çox yüksəkdir.
Devaluasiya, dövlət borcunun ÜDM-ə nisbətini də aşağı göstərib. Maliyyə Nazirliyinin Dövlət Borclarının İdarə Edilməsi və Hökumətin Maliyyə Əlaqələri İdarəsinin rüblük məlumatlarına əsasən, milli valyutada ifadə olunan mərkəzi hökumət borcu 1405-ci ilin yazında (2026-cı ilin ikinci rübü) 12,6 faiz artaraq 311 trilyon tümənə çatıb. Dövlət müəssisələrinin borcu isə 20 faiz artaraq 7 trilyon tüməni ötüb.
Lakin devalyuasiya ilə inflyasiya nominal ÜDM-i daha sürətlə artırdığı üçün mərkəzi hökumət borcunun ÜDM-ə nisbəti 1404-cü maliyyə ilinin sonunda (2025-ci ilin martı – 2026-cı ilin martı) 6 faizdən 1405-ci ilin yazının sonunda (2026-cı ilin iyunu) 5,9 faizə enib.
Bu rəqəmlərdə hökumətin ən böyük öhdəliyi – İran Milli İnkişaf Fonduna olan xarici valyuta borcu nəzərə alınmayıb. Fond 2010-cu ildə neft gəlirlərini özəl investisiyalara yönəltmək məqsədilə suveren sərvət fondu kimi yaradılıb. Lakin sonradan büdcə kəsirlərini maliyyələşdirmək üçün hökumətə böyük həcmdə kreditlər ayırıb.
Fondun rəhbərliyi hökumətin 100 milyard dollardan çox borcu olduğunu və bu borcu nağd şəkildə qaytarmaq imkanına malik olmadığını bildirib. Rəsmilər borcun əvəzində neft yataqlarının işlənməsi hüquqlarının verilməsi ilə bağlı danışıqlara başlayıblar.
Milli İnkişaf Fonduna olan borc nəzərə alınmadıqda, hökumətin və dövlət müəssisələrinin ümumi borcunun ÜDM-ə nisbəti ÜDM-in təxminən beşdə biri səviyyəsində olub. Bu göstərici 2024-cü ilin əvvəlində 21 faiz, 2026-cı ilin əvvəlində isə 22,2 faiz təşkil edib.
Lakin Milli İnkişaf Fonduna olan borc da hesablamalara daxil edildikdə, mənzərə kəskin şəkildə dəyişir. Bu halda borcun ÜDM-ə nisbəti 2024-cü ilin əvvəlindəki 39 faizdən 2026-cı ilin əvvəlində 75 faizə yüksəlib. Beləliklə, iki il ərzində bu göstərici təxminən iki dəfə artıb və fondun borcu nəzərə alınmadığı halda qeydə alınan səviyyədən üç dəfədən çox olub.
Caspian Energy Intelligence
Beynəlxalq Valyuta Fondu İranın ümumi dövlət borcunu ötən il ÜDM-in 35 faizi səviyyəsində qiymətləndirib və bu göstəricinin 39 faizə yüksələcəyini proqnozlaşdırıb. BVF-nin 2026-cı ilin oktyabrında dərc etdiyi Dünya İqtisadi Görünüşü hesabatında 2026-cı il üzrə orta illik istehlak qiymətləri inflyasiyasının 78,6 faiz olacağı proqnozlaşdırılır.
Qeyd etmək lazımdır ki, BVF-nin rəqəmləri yuxarıda göstərilən İranın daxili statistik məlumatlarından fərqli mənbə və metodologiyaya əsaslanır və bu göstəriciləri birbaşa müqayisə etmək mümkün deyil.
İranın Plan və Büdcə Təşkilatının büdcə təhlilləri əməliyyat büdcəsi kəsirində də oxşar təhrifin olduğunu göstərir. İnflyasiyanın təsiri ilə bu kəsir 1397-ci maliyyə ilində (2018-ci ilin martı – 2019-cu ilin martı), yəni ABŞ sanksiyalarının bərpa edildiyi dövrdəki səviyyəsi ilə müqayisədə 1404-cü maliyyə ilində nominal ifadədə doqquz dəfədən çox artaraq 932 trilyon tümənə çatıb.
Bununla belə, kəsirin ÜDM-ə nisbəti 3,7 faizdən çox olduğu əvvəlki səviyyədən 2,62 faizə düşüb.
Məqalənin originalı İran Open Data saytında yayımlanıb.

